30 Aralık 2016 Cuma

Ötən ilin son postu

    
            
   Artıq köhnə il yavaş-yavaş tərk etməyə hazırlaşır bizi, yeni il isə qapıda bir an öncə gəlib köhnə ili əvəz etmək həvəsindədir. Hər birimiz həyatımızda yeniliklər, başlanğıclar etməyi sevirik. Hər gələn təzə il isə həyatımızda yeni, tərtəmiz bir səhifə açır. Bəzimiz köhnə ildən qalan sıxıntılarımızı, dərdlərimizi, peşmançılıqlarımızı, qısacası bizi narahat edən şeylərin bir parçasını israrla özümüzə yük edib daşıyırıq yeni ilə... Bəzimiz isə hər şeyi köhnə ildə buraxıb yepyeni ümidlər, arzular, xəyallarla atılırıq təzə ilin tərtəmiz ağuşuna...

23 Aralık 2016 Cuma

İrəliləyən zamanda geriləyən dünya

    

              
    Biz nə zaman bu hala gəldik? Nə zaman qəlblərimiz bu qədər qatılaşdı? Nə zamandan bəridir ətrafımızda baş verən hadisələrə, müharibələrə, güllələrin altında həyat mücadiləsi verən insanlara, ac qalan, yetim qalan, ölən uşaqlara göz yumuruq, heç yoxmuşlar kimi yaşaya bilirik? Belə bir dövrə nə zaman gəlib çatdıq? Yaşamağa həvəssiz, gələcəyə ümidsiz, duyğuları buz tutmuş bir nəsilə necə çevrildik? 
    Axı guya dünya inkişaf edir, yeni ixtiralar, elmi nəaliyyətlər... insana bənzər robotlar... Dünya irəli getdiyi halda insanlıq niyə geriləyir bəs? Allahın hər şeyi yaradaraq əmrinə, xidmətinə verdiyi bəşər niyə özünü hər şeyin quluna çevirir? Niyə özlərinə bənzər dəmir robot düzəltmək yerinə öz dəmirləşmiş qəlblərini həyata döndürməyə çalışmırlar?! 
           
    Bu gün var, sabah olmayacaq dünyamızda tökülən qanlar niyə? Başqasının torpağına, malına göz dikən gedərkən sadəcə bir metrlik torpağa sığacağını, bir parça bezdən başqa heç nə apara bilməyəcəyini unudurmu görəsən? Üç günlük dünya üçün didinib durarkən əbədi həyatını məhv etdiyinin fərqində deyilmi?

15 Aralık 2016 Perşembe

Ev Işlərini necə asanlaşdırmalı

Nəhayət, post planımda qeyd etdiyim yazı seriyasının sonuncusuna gəlib çatdıq. Beləliklə verdiyim sözü də tutmuş oldum. Bunun üçün çox şadam. İndi keçək postumuza...
     Biz qadınlar hər nə qədər zərif olsaq da, həyatın bir çox sahəsinə aid işlər çiynimizə yükləndiyi üçün güclü, eyni zamanda, bütün bu işlərin altından layiqincə çıxa bildiyimiz üçün də qəhraman varlıqlarıq. Kişilər, çətin də olsa, sadəcə işə gedib pul qazanmaq, ailənin keçimini təmin etməklə mükəlləf olduqları halda qadınlar həm evdə büdcənin idarəsi, həm təmizlik, həm biş-düş işləri, həm uşaqların tərbiyəsi, onların dərsləri və siyahını daha da uzada biləcəyimiz bir çox işlərin öhdəsindən gəlmək məcburiyyətindədirlər. Həm də kişilərdən fərqli olaraq qadınlar gün boyu nə qədər çox iş görsələr də axşam ayaqlarını uzadıb "bu gün çox yoruldum" deyib çay-çörəyin hazır şəkildə önünə qoyulmasını təmənni etmək şansından da məhrumdurlar. Hər kəsin evdə olduğu və töküb dağıtdığı həftəsonunda bütün gün nəfəsi kəsilən xanımlar istirahət gününü də beləcə yola vermiş olurlar. Hələ mən həm işə gedib, həm ev işlərini çatdırmağa çalışan xanımların halını düşünmək belə istəmirəm.
      
    Belə olduğu halda bütün bu çətin işləri hər qadın özünə uyğun bir iş üsulu ilə həll edir. İlk öncə onu qeyd edim ki, evdə nənəsinin ərköyün balası olan, əlindən heç bir iş gəlməyən və bu şəkildə gənc yaşda ailə quran məndənizin təbii ki, evliliyin ilk illərində ev işlərini çatdırmaqda xeyli əziyyət çəkmişliyi var:) Ona görə də indi illərin təcrübəsi və böyüklərdən, ətrafdan öyrənib əldə etdiklərimlə formalaşan öz iş üsulumu yazmaq istəyirəm. Hələ də ev işlərində çətinlik çəkən və ya yeni evli olan gənc xanımlara bəlkə faydası olar deyə...

9 Aralık 2016 Cuma

Bananlı-qaymaqlı tort



    Bu gün çox yüngül, ləzzətli bir o qədər də asan başa gələn bir tort resepti paylaşmaq istəyirəm. İlk dəfə Sitarə bacımın əllərindən daddığım bu torta bir az özüm də əlavələr etdim. Və ortaya mükəmməl bir ləzzət çıxdı. Burdan canım bacıma çoooxca təşəkkürlər ♡♡

1 Aralık 2016 Perşembe

Yaradılış qayəsi



     Ətrafımıza baxdıqda hər şeyin mükəmməl bir nizam və gözəllik içərisində olduğunu görürük. Hətta özümüzə nəzər saldıqda belə istər fiziki,  istərsə də mənəvi təchizatlarımızın nə qədər incə bir hesabla yaradıldığının şahidi oluruq. Və bir gün bütün bu mükəmməl yaranmışlığın məhv olacağı düşüncəsi insanda istər istəməz belə bir sual yaradır: Sonlu olan bu möhtəşəm kainat və ölümlü olan bu insanın yaradılışındakı qayə nədir? Daha bəsit bir cümlə ilə - Biz nə üçün yaradıldıq?

15 Kasım 2016 Salı

Sarı gəlin

      Rəbbimin öz qüdrətli sənətini sərgilədiyi təbiətə vurğun olduğumu qeyd etmişdim. Bu təbiətin hər mövsümdə fərqli ab-hava, fərqli ovqat və fərqli rəngə bürünməsi isə başlı başına bir möcüzədir... Hər fəsildə hiss etdiklərimi, internetdən topladığım ən gözəl rəsmləri ilə təqdim etmək istəyirəm. İlk fəslimiz isə gözəlliyinin dəyərini yeni hiss etməyə başladığım xəzan fəsli - qızıl payızdır...

8 Kasım 2016 Salı

Tolstoyun İslama baxışı

            Lev Nikolayeviç Tolstoyun İslamla bağlı müsbət düşüncələrini eşitmişdim, hətta müsəlmanlığı qəbul etməsi ilə bağlı bir sıra məlumatlar da çatmışdı qulağıma. Bu günlərdə böyük oğlumun oxuması üçün evə gətirilən kitablardan birinin üstündə "Tolstoy. Ünlü rus yazarının İslam peygamberi ile ilgili kayıp risalesi. Hz.Muhammed" adını gördükdə açığı bir az həyəcanlandım. Üstəlik kitabın üstündə qırmızı fon içərisində "Gizlenen kitap" yazısı bu həyəcanıma güclü bir maraq da qatdı. Beləcə iki gündə kitabı oxuyub qurtardım. İndi isə keçək kitabda yazılanlara...
      Bu kitab azərbaycan dilindən türk dilinə tərcümə olunmuşdur. Kitab "Ön söz", yazıçını təqdim edən qısa bir "Giriş"dən sonra 4 hissədən ibarətdir.

5 Ekim 2016 Çarşamba

Mürəbbəli qozlu paxlava


  

    Bu gün ərzaqları çox az lakin özü çox bərəkətli olan bir paxlava pesepti paylaşacam burda. İlk dəfə Ramazanda iftarda çayın yanına hazırladığım bu paxlavanı gələn qonaqlarım da bəyənmişdilər. Mən də kəndə bayramı qeyd etmək üçün gedəndə də hazırladım. Burda da yüksək qiymətləndirildiyi üçün reseptini bloqumda da yazmaq istədim. Bu arada resepti mənə verən Fərqanə bacıma burdan təşəkkürlər ;)

22 Eylül 2016 Perşembe

Mücərrəd dünyanın inciləri 1 - Sevgi

 

     Birinə bənd olursunuz ... Ya ilk baxışdan, ya da müəyyən müddətdə... Yavaş-yavaş hər şey dəyişir sizin üçün, həyat daha anlamlı, daha yaşanılır gəlir artıq... İndiyə qədər mənasız bir ömür yaşadığınızı düşünürsünüz... Sonra bənd olduğunuz aşiq olduğunuz insana çevrilir... Artıq onun varlığı bütün həyatınızı istila edir... Xəyallarınız, düşüncələriniz, yuxularınız bütünlükdə ondan ibarət olur... Hər an yanınızda, hər an qəlbinizdədir... Şahid olduğunuz bütün hadisələri qəlbinizdə onunla paylaşırsınız, dinlədiyiniz bütün musiqilərin sanki sadəcə siz ikinizə həsr edildiyini düşünüb heyrətlənirsiniz, baxdığınız hər simada onun cizgilərini arayırsınız... Hər kəs, hər şey sizə onu xatırladır... Onu hər gördüyünüzdə qəlbiniz yerindən oynayır, içinizdə bir həyəcan çağlayır... Səsi, gülüşü, danışığı, hər şeyi sizə qeyri-adi dərəcədə gözəl görünür... Hamıya ondan danışmaq istəyirsiniz ... Bəzən də onun sadəcə sizin, sizin isə onun üçün yaradıldığını düşünürsünüz... Könül dünyalarınız bir-birinə görülməz simlərlə bağlıymış kimi hiss edirsiniz... Eyni duyğuları yaşayıb, eyni hissiyatı paylaşırsınız sanki... Heç kimin anlamayacağı, sadəcə sizin ikinizə məxsus olan hissləri...

1 Eylül 2016 Perşembe

Yaza bilmirəm

      
      Uzun zaman oldu bu bloqa heç nə yazmamağım... Doğrusu bu müddətdə heç açıb baxmadım belə çox əzizlədiyim bloquma... Çünkü mən yazmağa başlayanda dünyamız bambaşqa idi... Sevgi dolu, ümid dolu, həyat dolu...Həmişə gözəl şeylərdən bəhs edib, gözəl məlumatlar paylaşmağı düşünmüşdüm... Sonra elə şeylər yaşandı ki, hər şey alt-üst oldu... Bütün gözəllikləri məhv etməyə, onsuz da tək-tük qalmış vicdanları susdurmağa, məsumiyyəti, təmizliyi kirlətməyə özünü adamış biri dünyamızı öz qara, kəsvətli, zəhərli buludları ilə elə bürüdü ki, nəfəs alamaz olduq... Boğuluruq... Bu pis havanın ağırlığında boğuluruq... İyrənirik... Bu yaltaqlıq, ikiüzlülük, iftiralar və yalanlar qarşısında iyrənirik... İnciyirik... Xoş günümüzdə həmişə yanımızda olub bizə dost görünənlərin indi üz çevirib zalımın yanında yer almasından inciyirik... Üzülürük... Allah rızası üçün görülən bütün işlərin qarşısının alınıb, bu işi görənlərin xalq düşməni kimi ən ağır şəkildə cəzalandırıldığını görüb üzülürük... Bircə təsəllimiz var... Allah hər şeyə şahid... O görür, o bilir... Gerisi boş... Bom boşşş...
     Yenə bir həvəs, bir həyəcan tapacammı yazmağa bilmirəm... Bir də nə vaxt, hansı mövzuda yazaram, onu da bilmirəm... Tək bildiyim şey - indi yaza bilmirəm...

15 Ağustos 2016 Pazartesi

Qabriel Qarsia Markes

      


      Aylar öncə bitirdiyim  kitab haqqında təəssüf ki, indi yazmağa imkan tapıram. Çox məşhur bir yazıçı olsa da bu kitab mənim Markeslə ilk tanışlığım idi. Kitab 3 roman ( Gözlənilən bir qətlin tarixcəsi, Küskün gözəllərimi xatırlarkən, Patriarxın payızı), 2 povest ( Bizlərdə oğru yoxdur, Polkovnikə məktub yoxdur) və bir sıra (7) hekayələrdən ibarətdir.

22 Temmuz 2016 Cuma

Çiçəklərə aşiqəm

       Dünyanı rəngləndirən, yaşanılır hala gətirəndir çiçəklər... Rəbbimin cənnəti qullarına xatırladan, o tərəflərə aid kiçik bir. sərgisidir çiçəklər aləmi... Ürəkləri riqqətə gətirən, xoş əhval-ruhiyyə oyadan, qəlblərdə bahar coşğusu, aşıb-daşan duyğu seli əmələ gətirən, gözümüzü, könlümüzü oxşayıb bizə min cür gözəlliklər bəxş edəndir bu ilahi lütf, bu zərafət mücəssiməsi olan güllər aləmi...

1 Temmuz 2016 Cuma

Bizi tərk etmə Ramazan...



     Qəlbləri yumşaldan, nəfisləri cilovladan, acların halını anladan, varlı-kasıb hər kəsi bərabərləşdirən,  evinə gələnlərə qəlb genişliyi ilə süfrə açdıran, bərabərcə iftar coşğusu yaşayanlara müsəlman olmağın, mömin olmağın, bu gözəllikdən nəsibdar olmağın şükrünü etdirən, insanları bütün dünyəvi istəklərə Rəbbinin rızası üçün yox deyib, əsfəli safilindən, alayi illiyinə çıxaran, mələkləşdirən, bir qurtum suyun, bir loxma çörəyin dəyərini hiss etdirən, aylar sultanı, canım Ramazanım... Bitməyinə, bizi tərk edib getməyinə çox az qaldı... Yenə dadın damağımızda, həsrətin qəlbimizdə qalacaq... Yenə hər kəs günahlara, haramlara dalacaq...Sən bizə hər gün Rəbbimizi xatırlatdın... Onun rızası üçün ac-susuz qalmağın sevincini yaşatdın... Nə olardı qalan on bir ay da sən olsaydın... Bizi heç vaxt tərk etməsəydin... Həyatımız günahlardan arınardı beləcə, adam kimi yaşamağa alışardıq bəlkə... Sənə çox ehtiyacımız var... Bizi buraxıb getmə Ramazan... Bizi tərk etmə Ramazan...

21 Haziran 2016 Salı

Amerika ilə aramızdakı fərqlər

      


       
      İki il öncə can yoldaşım Amerika universitetlərindən birində tətqiqat aparmaq imkanı verən bir proqram qazanınca 6 ay kimi qısa müddətlik də olsa ailəcək getməyin daha uyğun olacağını düşündük. Uzun sürən sənəd-sünəd işi və hazırlıqdan sonra ailələrimizin göz yaşları və xeyir-duaları ilə yola düşdük. 
      Bu səyahət olduqca uzun və əziyyətli idi.Üstəlik hamiləliyimin ilk aylarında olduğunu nəzərə alsaq ora hansı vəziyyətdə gedib çatdığımı təxmin etmək heç də çətin deyil. 3 təyyarə dəyişərək gün yarıma çatdığımız Amerikaya- daha dəqiq desək, Arizona ştatının Phoenix şəhərinə endiyimizdə gecə saat 1-2 arası idi.

3 Haziran 2016 Cuma

Olmayan bacıma ....

     
       Ah ahhh... Bu həyatda varlığını ən çox arzuladığım, hər zaman aradığım, xəyallarımdakı sirdaşım, dəstəkcim, məsləhətçim, canım bacım... Çoxlarını qoydum sənin yerinə. Bu da bacıdır mənə fikirləşdim. Ancaq nafilə... Sənin yerini heç kim doldura bilmədi, yenə yerin boş göründü, tənha hiss etdim, köməksiz hiss etdim, naçar hiss etdim... Yalnız bacım olsaydı onunla paylaşardım dediyim çox arzularımı, həvəslərimi, dərdlərimi, ümidlərimi basdırdım qəlbimə... Başqa kimsə duymasın deyə... Bacımla aramda qalsın deyə... Həyatımın hər dövründə ehtiyacım bir az daha artdı sənə... Uşaq oldum qonşumuzdakı bacılarla küsüşdüm, onlar veclərinə almadı bərabərcə oynadı, yalqız qalan mən oldum, məcbur qalıb barışan da... Gənc qız oldum, qəlbimdəki həyəcanlarımı, yeni daddığım sevgini, toy, gəlinlik xəyallarımı ətrafındakı böyüklərə aça bilmədən  içində boğan mən oldum... Ailə qurdum, bir-birimizi ailə qavramı içərisində tanımağa, rollarımızı öyrənməyə çalışdığımız yoldaşımla ara-bir incikliyimiz oldu, məsləhət alıb, danışıb ürəyimi boşaldacağım varlığını arayan yenə mən oldum... Sonra ard-arda övladlarım dünyaya gəldi, başıma daraq belə çəkə bilmədiyim, bu uşaqlardan birini oynadan olsa da bir az yuxu yatsam dediyim, ağlayan balamı tutan olsa da gələn qonaq üçün bişirdiyim yeməyi başa çatdırsam deyə yaxındığım zamanlarda əslində tək olduğumu anlayan da mən oldum... İndi xəstəyəm, qızdırmalı, ağrılı və halsız... Evdə 4 uşaqla təkcə... Onların yeməyini qızdırıb verməyə qüvvət verir Rəbbim amma, özümə bir dərman götürüb atmağa gücüm yox... Və yenə səni arayıram...

19 Mayıs 2016 Perşembe

Hicrət




      “Vallahi, sən Allahın yaratdığı yerlərin ən xe­yirlisi, Allah qatında ən sevgili olanısan! Mənə səndən daha sevgili, daha gözəl yurd yoxdur! Çıxmağa məcbur buraxılmasaydım , səndən əsla ayrılmaz, səndən başqa yerdə yurd yuva tutmazdım." Məkkədən Mədinəyə hicrət üçün ayrıldığı zaman Peyğəmbərimizin bu mübarək şəhərə dönərək məhzun-məhzun söylədiyi cümlələr qəlbimi göynədib, gözlərimi yaşardır hər qarşıma çıxdığında.

7 Mayıs 2016 Cumartesi

Durbin börək






         Hər kəsə salamlar. Bu aralar başım o qədər qarışıq oldu ki, fürsət tapıb heç olmasa əlimdə hazır olan postları belə yayınlaya bilmədim. Həyatımın stressli, amma bir o qədər də ləzzətli dövrlərindən birini yaşadım bu aprel ayında. Körpəmin bir yaşının hazırlığı, üstəgəl çox sevdiyim rəfiqəmin diplom işini türk dilindən azərbaycan dilinə tərcümə ( bunu çox qısa zamanda bitirməm lazım olurdu deyə bütün əsəblərim tarıma çəkilmişdi) eyni vaxta dənk gəlincə birindən-birini çatdıra bilməyəcəyimi, əksik buraxacağımı düşünmək məni dəli edirdi. 3-4 gün gecələri cəmi 1-2 saat yatıb, gündüzləri sadəcə evdə önəmli işləri həll edərək başa çıxmağa çalışdım. Uşaqların götür-qoyu, dərslərini hesaba qatmıram belə...Nə isə ki, çox şükür bütün sıxıntıların sonu gözəl olduğu kimi, mənim stresslərimin də nəhayətində meyvələri şirin oldu.

1 Mayıs 2016 Pazar

Habibullaha məktub

      


         Hardan başlayım heç bilmirəm, Aləmlərə Rəhmət Olaraq gələn, canım Əfəndim...Duyğuları kağıza tökmək hüdudsuz okeanları bir bardağa süzüb sığdırmaq qədər çətin gəlib mənə hər zaman... Hələ bu duyğular sənə olan sevgimizi tərənnüm edirsə, hələ bu duyğular sənə olan həsrətimizi, səndən sonra, sanki yoxluğunun qəsdinə aramızda baş qaldıran bunca fitnələrin içimizdə törətdiyi yaraların sızısını, qəlbimizin ağrısını təsvir edirsə, beş-altı cümləyə sığarmı heç???
Anlatası o qədər çox şeyim var ki, ya Rəsulallah! Bu ruhumuzun yorulduğu, qəlbimizi qırıldığı, xəyanətlərlə sarsıldığımız bir zamanda sənə nə qədər çox ehtiyacımızın olduğunu bir bilsən...
Əminəm bütün olanları bilir və üzüntü ilə seyr edirsən...Amma bir də mən anlatmaq istəyirəm... Ən başından...

25 Nisan 2016 Pazartesi

Çiçək poğaça



Bu mübarək Ramazan günündə hər kəsə salamlar.Yenə çox vaxtsızam, yenə çox vaxtsızam :( Yəni bir çox şeyi güclə çatdırıram.Gözəlim bloquma yazı yazmağa heç cür imkan tapa bilmirəm.Amma ürəyim həmişə burdadı. Planımda yazdığım çiçək poğaçanın reseptini paylaşacam bu gün burdan.Şükür bişirilmiş halda şəkli var artıq :) Həm bişirib sahurda yemək istəyərsiniz bəlkə.

14 Nisan 2016 Perşembe

Xəyallarımın ölkəsi Norveç








      İnternetdə ara-sıra qarşıma çıxan ecazkar mənzərələri ilə diqqətimi çəkdi Norveç...Sanki zavodların zəhərli tüstüsü gedib çatmamış, yarandığı ilk gündəki kimi  tərtəmiz səması, dupduru gölləri, füsunkar təbiəti ilə insanı heyran edən gözəlliklər diyarı təəssüratı bağışladı rəsimləriylə mənə bu ölkə... Dünyanı gəzib görmək ən böyük arzusu olan biri olaraq Norveç bir az araşdırmadan sonra əlçatmaz görünsə də gedib gəzmək istədiyim ölkələr siyahısında ilk məmləkət olaraq yerini aldı. Bu ölkəni internetdən tapıb topladığım məlumatlara əsasən tanımaqla kifayətlənəsi olacağıq. Zamanın nə gətirəcəyi bilinməz...Bir gün olar oraları gəzərək təəssüratlarımı paylaşaram burda bəlkə...

20 Mart 2016 Pazar

Neçə gözəl bayramlara...



    Novruz bayramı uşaqlığımdan bəri ən çox sevdiyim bayram olub. Çünkü bu bayramı yalnız insanlar deyil oyanaraq, qup-quru ağaclara gül çiçəklə, boz çöllərə yamyaşıl otlarla bəzək vuraraq təbiət də qeyd edir sanki. Novruz əsl bahar bayramıdır.
Hər zamankı kimi bu bayram axşamında da sevdiklərimizə zənglə, mesajla bayram təbriklərimizi göndərib, bir çoxlarından da eyni şəkildə təbriklər aldıq. Mənim demək olar ki hər kəsə bir arzum oldu : " Neçə gözəl bayramlar nəsib etsin Rəbbim inşallah.." Olduqca klassik və şablonlaşmış görünən bu cümlə əslində bir çox arzuları içində gizlədən çəyirdək hökmündədir mənim gözümdə...Hansı bayram gözəl bayram hesab olunur?

16 Mart 2016 Çarşamba

Post planım

     
                                 

      Bu bloqu açarkən hər iki gündən bir post yazacağımı düşünmüşdüm. Çünkü bura yazı yazmaq mənə zövq verən tək-tük işlərimdən biridir. Amma təəssüf ki, arzularla imkan hər zaman bir-birilə yola getmir :) İstədiyin vaxt, rahat bir şəkildə oturub yazı yazmaq mənim üçün bir xəyaldır doğrusu. Həm də beynimdə və qəlbimdə yazmaq istədiyim o qədər mövzu var ki...
     Neçənci sinifdə oxuyurdum bilmirəm, amma ibtidai sinifdə olduğumu dəqiq xatırlayıram.Bir şeir vardı kitabımızda.Təəssüf ki əzbərlədiyim halda yadımdan çıxıb. Lakin şeirin balaca bir qızın diliylə atasına qardaşının hər gün bir sənət seçməsini söyləməsi və tez-tez təkrarlanan "Ata-ata xəbərin var, xəbərdən?" misraları yadımdadır. Bəzən özümü ordakı oğlana bənzədirəm.Yenə o uşaq hər gün özünü bir işə, bir sənətə verirdi.Mən isə o qədər müxtəlif işlərin ətəyindən yapışmışam ki... Normal bir insanın hamısını birdən idarə etməsi mümükün olmayan işlərin...Ona görə mənə elə gəlir ki, hər işim alayarımçıqdı. Amma heç birindən də vaz keçə bilmirəm. Nə isə...

2 Mart 2016 Çarşamba

Yerkökülü keks

Yeməyi və bişirməyi sevən biri olaraq ara-sıra bişirib daddığım təamların reseptini və hazırlanma qaydasını bura yazmağa qərar verdim. Doğrusu mənim bir xəstəliyim var : hər kəsin çox qarşılaşmadığı, fərqli yemək, salat, şirniyyat hazırlayıb insanları təəccübləndirmək. Amma internetin bu qədər geniş yayıldığı bir zamanda nəsə fərqli bir şey tapıb ortaya çıxarmaq çox çətin məsələdir. Çünkü indi hamının hər şeydən xəbəri var. Bizə qalır ancaq bişirib yemək. Neçə vaxtı yerkökülü bir keks etmək istəyirdim. Nəhayət dünən birini bişirdim. Tərkibinə hər zaman etdiyim klassik keksin ərzaqlarını vurdum, tək fərq yerkökü də əlavə etdim. Üzərini soyuducumdakı uşaqlara bişirdiyim muffini bəzəmək üçün hazırladığım və artıq qalan krem şanti və qızlarla ( rəfiqələrim) görüşə gedərkən klassik "əliboş getməyək" məntiqi ilə hazırladığım keksin yenə artıq qalan şokalad sosu ( reseptini çox yaxında yazacam) ilə bəzədim.Vəəə budurrr...Ortaya məncə gözəl bir şey çıxdı... Sizcə???

25 Şubat 2016 Perşembe

Sara Oğuz Nəzirova "Beton evdən yazılar"

    


Ötən yazımda kitab oxumaq üçün qollarımı çirmələdiyimi yazmışdım. İlk kitab Sara Oğuz Nəzirovanın "Beton evdən yazılar"ı oldu. Açıq söyləyim ki, bu mənim yazıçı ilə ilk tanışlığımdır. Kitabı bitirməyim bir həftədən çoxdur amma, oturub özüm üçün qeydlər götürməyə, dəyərləndirmə yazmağa heç cür fürsətim olmadı. Hətta yeni kitabım da gəldi. Nəhayət bu gün bu böyük yükü götürdüm üzərimdən. Kitab haqqında fikirlərimi yazmağa başlayıram eləysə...

11 Şubat 2016 Perşembe

Kitab sevdam






       5 yaşında oxuyub, yazmağı həll etmiş uşaqlardan olmuşam mən də. Anamın müəllimə olmasının bunda böyük rolu var zənnimcə. Evdə əlimə keçən bütün kitabların şəkillərinə baxıb özlüyümdə hekayələr qurardım.Oxumağı öyrəndiyimdən sonra əvvəllər maraqla baxdığım şəkillərin ətrafındakı sözləri oxumağa başladım. Təəssüf ki, uşaqlıq xatirələrim çox bulanıq beynimdə.Amma bunu damağımda qalmış bir dad kimi, qəlbimi isidən uzaq bir xəyal kimi xatırlayıram. Sonra məktəbə başladım. Bir çox şeydə özümü minnətdar hiss etdiyim canım nənəm kitab oxumağa olan sevgimin ilk toxumlarının cücərməsində ən böyük dəstəkcim oldu.Bağçada tibb bacısı olan nənəm bağçaya uşaq qoyan valideynlərdən birinin kitabxanaçı olduğunu öyrənmiş, ondan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. Beləliklə anamın mənə sirli-sehirli görünən biologiya kitablarından sonra ilk dəfə yaşıma və maraq dairəmə uyğun uşaq kitabları ilə tanışdım.

6 Şubat 2016 Cumartesi

Ah bu analar...





      Hər keçən gündə, yaşımıza yaş qalanıb əbədi dünyamıza bir addım da yaxınlaşdıqca yeni-yeni şeylər öyrənib, yeni-yeni kəşflər edirik.Həyatın hər sahəsində əldə etdiyimiz yeni təcrübələr bizi təəccübləndirməyə bilməz.Çünkü hər şeyin mahiyyətinə vardığını düşündüyümüz anda etdiyimiz yeni bir kəşf əslində məzara qədər öyrənəcək çox şeyimizin olduğundan xəbər verir."Kəşf" deyirəm...Bəli məhz "kəşf"...Biz bəlkə Amerikanı kəşf eləmirik amma, tanışdığımız və xasiyyətini tanımağa başladığımız hər bir kəs yeni bir dünya deyilmi?! Rəbbimin sonsuz hikmət və qüdrətlərindən biri: eyni materialdan-ətdən, sümükdən, qandan ibarət olan insanların bu qədər müxtəlif xarakterlərə malik olmaları məni heyrətləndirən səbəblər içərisindədir. Xasiyyətlər fərqli, arzular fərqli, həyata baxışlar fərqli...

11 Ocak 2016 Pazartesi

Güvən Ona







Sözlərə tökmək olmur ki bu duyğunu... Qəlbə düşdümü qığılcımı, od oturur sinənə...Bir insanın bir yalnışı üzündən güvən qalmır heç kimə...Çünkü illərlə gözündə ucaldıb heç kəsə bənzəməz dediyin kəs bir anın içində o ucalıqdan yuvarlanır ən dərin yarğanlara... Xəyallar suya düşür, sən isə yanğınlara... Həyatın və gerçək Yardan başqa bütün yarların faniliyi təkrar isbat olunur sənə... Artıq bağlanmayacam, inanmayacam Ondan başqa heç kimə... Hər dəfə olduğu kimi təkrar-təkrar söz verirsən özünə... Amma nafilə...Həyatdır bu... Sən inanmağa davam edəcəksən, onlar isə bu güvəni yıxmağa... Elə isə yönəlməli inam da, əsl güvən də gerçək Yara, Yaradana...


3 Ocak 2016 Pazar

Payızdan qalma qış...



               




       Bayramla əlaqədar yoldaş və uşaqlara bir həftə tətil idi. Biz də bu fürsəti əldən verməyib şələ-şüləmizi toplayıb kəndə qaçdıq.Bura uşaqlar üçün dünyanın ən əyləncəli yeridir. Sonbeşiyim, 8 aylıq körpəm belə daha şən, daha səsli-küylü olur nədənsə burda.
       Kənddə ən böyük yenilik qaz sisteminin çəkilməsi və bununla da həm istilik, həm də insafsızca ağac kəsimi probleminin aradan qaldırılmasıdır.Hər dəfə sobaya atılan odun parçası seyrəkləşən meşələrimizi xatırladaraq məni narahat edirdi doğrusu. Sadəcə budur məni qaz çəkilməsinə sevindirən.Yoxsa gecələri çatır-çatır yanıb, zərif işığı ilə romantik hava yaradan, bütün paltarlarımıza his iyi hopduran odun sobalarının yeri bir başqa idi təbii ki... Elə məhz həmin his iyi kənd ab-havası idi məncə.Amma neyləməli...Yenilikləri də qəbul etməliyik. Biz bu gözəllikdən məhrum qalsaq da olar.Varsın meşələrimiz yaşasın...

2 Ocak 2016 Cumartesi

Yepyeni ildə yepyeni ümidlərlə







        İlk öncə bu yeni ilin soyuq və qarll ilk günündə hər kəsə salamlar...Hər kəs deyəndə ki, bu bloqu hamıdan gizli açıb yazdığıma və çətin ki bura kiminsə yolu düşüb oxuyacağına görə ilk əvvəl elə özümə salam :)

Bu mənim ilk bloqum və ilk yazım...Yepyeni bir ilin ilk gününə düşməsi isə tamamilə təvafüqdü...Uzun müddətdi belə bir bloq açımmı, yazımmı deyə tərəddütdə idim doğrusu. Bu gün bununla bağlı internetdə bir az araşdırma edincə və sağ olsun bloghocası.blogspot.com adresində yazan Serdar Karanın (inşallah ki, adını düz xatırlayıram) yazılarını oxuyunca cəsarətləndim. ( Burdan ona çox təşəkkür etməyi də unutmayaq) Beləliklə artıq bloq açmağın zamanı gəldi deyib bu həyəcanlı səyahətə başlamış oldum. İçimdə üzgüçülükdə naşı olan birinin yeni macəralar axtarışı ilə okena baş vurmasına bənzər duyğuların eynisi var. Yəni bir az qorxu, bir az həyəcan, bir az da yeni aləmlərə açılma sevinci...