11 Ocak 2016 Pazartesi

Güvən Ona







Sözlərə tökmək olmur ki bu duyğunu... Qəlbə düşdümü qığılcımı, od oturur sinənə...Bir insanın bir yalnışı üzündən güvən qalmır heç kimə...Çünkü illərlə gözündə ucaldıb heç kəsə bənzəməz dediyin kəs bir anın içində o ucalıqdan yuvarlanır ən dərin yarğanlara... Xəyallar suya düşür, sən isə yanğınlara... Həyatın və gerçək Yardan başqa bütün yarların faniliyi təkrar isbat olunur sənə... Artıq bağlanmayacam, inanmayacam Ondan başqa heç kimə... Hər dəfə olduğu kimi təkrar-təkrar söz verirsən özünə... Amma nafilə...Həyatdır bu... Sən inanmağa davam edəcəksən, onlar isə bu güvəni yıxmağa... Elə isə yönəlməli inam da, əsl güvən də gerçək Yara, Yaradana...


3 Ocak 2016 Pazar

Payızdan qalma qış...



               




       Bayramla əlaqədar yoldaş və uşaqlara bir həftə tətil idi. Biz də bu fürsəti əldən verməyib şələ-şüləmizi toplayıb kəndə qaçdıq.Bura uşaqlar üçün dünyanın ən əyləncəli yeridir. Sonbeşiyim, 8 aylıq körpəm belə daha şən, daha səsli-küylü olur nədənsə burda.
       Kənddə ən böyük yenilik qaz sisteminin çəkilməsi və bununla da həm istilik, həm də insafsızca ağac kəsimi probleminin aradan qaldırılmasıdır.Hər dəfə sobaya atılan odun parçası seyrəkləşən meşələrimizi xatırladaraq məni narahat edirdi doğrusu. Sadəcə budur məni qaz çəkilməsinə sevindirən.Yoxsa gecələri çatır-çatır yanıb, zərif işığı ilə romantik hava yaradan, bütün paltarlarımıza his iyi hopduran odun sobalarının yeri bir başqa idi təbii ki... Elə məhz həmin his iyi kənd ab-havası idi məncə.Amma neyləməli...Yenilikləri də qəbul etməliyik. Biz bu gözəllikdən məhrum qalsaq da olar.Varsın meşələrimiz yaşasın...

2 Ocak 2016 Cumartesi

Yepyeni ildə yepyeni ümidlərlə







        İlk öncə bu yeni ilin soyuq və qarll ilk günündə hər kəsə salamlar...Hər kəs deyəndə ki, bu bloqu hamıdan gizli açıb yazdığıma və çətin ki bura kiminsə yolu düşüb oxuyacağına görə ilk əvvəl elə özümə salam :)

Bu mənim ilk bloqum və ilk yazım...Yepyeni bir ilin ilk gününə düşməsi isə tamamilə təvafüqdü...Uzun müddətdi belə bir bloq açımmı, yazımmı deyə tərəddütdə idim doğrusu. Bu gün bununla bağlı internetdə bir az araşdırma edincə və sağ olsun bloghocası.blogspot.com adresində yazan Serdar Karanın (inşallah ki, adını düz xatırlayıram) yazılarını oxuyunca cəsarətləndim. ( Burdan ona çox təşəkkür etməyi də unutmayaq) Beləliklə artıq bloq açmağın zamanı gəldi deyib bu həyəcanlı səyahətə başlamış oldum. İçimdə üzgüçülükdə naşı olan birinin yeni macəralar axtarışı ilə okena baş vurmasına bənzər duyğuların eynisi var. Yəni bir az qorxu, bir az həyəcan, bir az da yeni aləmlərə açılma sevinci...