2 Mart 2016 Çarşamba

Yerkökülü keks

Yeməyi və bişirməyi sevən biri olaraq ara-sıra bişirib daddığım təamların reseptini və hazırlanma qaydasını bura yazmağa qərar verdim. Doğrusu mənim bir xəstəliyim var : hər kəsin çox qarşılaşmadığı, fərqli yemək, salat, şirniyyat hazırlayıb insanları təəccübləndirmək. Amma internetin bu qədər geniş yayıldığı bir zamanda nəsə fərqli bir şey tapıb ortaya çıxarmaq çox çətin məsələdir. Çünkü indi hamının hər şeydən xəbəri var. Bizə qalır ancaq bişirib yemək. Neçə vaxtı yerkökülü bir keks etmək istəyirdim. Nəhayət dünən birini bişirdim. Tərkibinə hər zaman etdiyim klassik keksin ərzaqlarını vurdum, tək fərq yerkökü də əlavə etdim. Üzərini soyuducumdakı uşaqlara bişirdiyim muffini bəzəmək üçün hazırladığım və artıq qalan krem şanti və qızlarla ( rəfiqələrim) görüşə gedərkən klassik "əliboş getməyək" məntiqi ilə hazırladığım keksin yenə artıq qalan şokalad sosu ( reseptini çox yaxında yazacam) ilə bəzədim.Vəəə budurrr...Ortaya məncə gözəl bir şey çıxdı... Sizcə???

     Yaxşısı budur reseptini yazım artıq. Yoxsa hələ çox danışacam :)
Tərkibi:
4 yumurta
1,5 stəkan şəkər tozu
1 stəkan süd
0,7 stəkan duru yağ
2,5 stəkan un
1 qabartma tozu
1 vanel
3 yerkökü
Hazırlanma qaydası:
Əvvəl yumurta ilə şəkər mikserlə ağarana qədər çalınır. Sonra üzərinə süd, duru yağ əlavə olunub yenə çalınır. 3 ədəd soyulub sürtkəcdən keçirilmiş yerkökü də qatılır. Ən son un, qabartma tozu və vanel də əlavə olunaraq bir qaşıq və ya çırpıcı ilə qarışdırılır.Yağlanmış formaya tökülüb əvvəldən isidilmiş 180°- lik sobada bişirilir.Üzərini istədiyiniz kimi, əlinizdə olan ərzaqlarla bəzəyə bilərsiniz.Məsələn şəkər kirşanı, əridilimiş şokalad və s. kimi.
   Ümid edirəm ki, bəyənilən bir keks olar.

Hiç yorum yok:

Yorum Gönder